ana səhifə

bioqrafiya ekspozisiya virtual səyahət

"Naxçıvanda doğulmağım, ərsəyə gəlməyim, təhsil almağım mənim üçün əzizdir. Ancaq mənim üçün bunların hamısından əziz 1990-cı ildən 1993-cü ilə qədər burada sizinlə bir yerdə yaşamağım, işləməyim olubdur". H.Əliyev

linklər  
     
 
   

 

1930

1940

1955

1966

1969

1982

1990 

1991

 

Bioqrafiya

 

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvan şəhərində anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye İnstitutunun (indiki Azərbaycan Dövlət Neft Akademiyası) memarlıq fakültəsində təhsil almışdır. 1941-ci ildən Heydər Əliyev Naxçıvan MSSR Xalq Daxili İşlər Komissarlığında və Naxçıvan MSSR Xalq Komissarları Sovetində şöbə müdiri vəzifəsində işləmiş və 1944-cü ilin mayında Naxçıvan Vilayət Partiya Komitəsi tərəfindən dövlət təhlükəsizliyi orqanlarına işə göndərilmişdir. Həmin illərdə O, Leninqradda (indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci ildə isə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.

 

Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul plenumunda Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçilərək respublikanın rəhbəri olmuşdur. 1976-cı ilin martında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin noyabrında isə Siyasi Büro üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə irəli çəkilmiş, Sovetlər Birliyinin rəhbərlərindən biri olmuşdur. SSRİ kimi nəhəng bir dövlətin ali rəhbərliyinə ucalmaqla Heydər Əliyev misilsiz dövlət idarəçiliyi istedadı və bacarığı nümayiş etdirmişdir..

 

Heydər Əliyev 1987-ci il oktyabrın 21-də Sov. İKP MK Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi səhv xəttə, onun antiazərbaycan siyasətinə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa vermişdir.

 

Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etmişdir. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin 19 iyulunda Sov. İKP sıralarını tərk etmişdir.

 

 Heydər Əliyev doğma xalqını milli-siyasi fəlakət burulğanından xilas etmək üçün 1990-cı ilin iyulunda Azərbaycana qayıtmış, ilk əvvəl Bakıya, sonra isə Naxçıvana gələrək Qurtuluş mübarizəsini davam etdirmiş, həmin ildə də Azərbaycan Ali Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir. Heydər Əliyevin 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri vəzifəsində çalışdığı illər muxtar respublikanın siyasi, sosial-iqtisadi və mədəni inkişafının çətin, eyni zamanda əlamətdar dövrüdür. Bu dövrdə Heydər Əliyev birinci növbədə Naxçıvan Muxtar Respublikasını Ermənistanın silahlı təcavüzündən və işğal təhlükəsindən xilas etdi. Onun təşəbbüsü ilə Ali Məclis muxtar respublikanın adından "Sovet Sosialist" sözlərinin çıxarılması, Azərbaycan Xalq Cumhuriyyətinin üçrəngli bayrağının Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi qəbul olunması haqqında tarixi qərarlar qəbul etdi, qonşu Türkiyə və İranla iqtisadi əlaqələr yaradıldı, "Ümid" və "Şahtaxtı-Poldəşt" körpüləri salındı. Heydər Əliyev 1992-ci il noyabrın 21-də Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis konfransında partiyanın sədri seçilmişdir.

 

1993-cü ilin may-iyununda Azərbaycanda hakimiyyət böhranının son dərəcə kəskinləşməsi ilə ölkədə vətəndaş müharibəsinin baş verməsi və müstəqilliyin itirilməsi təhlükəsi yarandıqda Azərbaycan xalqı Heydər Əliyevin hakimiyyətə gəlməsi tələbi ilə ayağa qalxdı.

 

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Həmin gün Azərbaycan xalqının tarixinə Qurtuluş günü kimi daxil oldu. İyunun 24-də isə Heydər Əliyev Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. O, 1998-ci il oktyabrın 11-də xalqın yüksək fəallığı şəraitində keçirilən seçkilərdə yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. Heydər Əlirza oğlu Əliyev 12 dekabr 2003-cü ildə Amerika Birləşmiş Ştatlarının Klivlend şəhərində vəfat etmiş, Bakıda Fəxri Xiyabanda dəfn olunmuşdur. Onun məzarı qədirbilən Azərbaycan xalqının müqəddəs ziyarətgahına çevrilmişdir.

 

Heydər Əliyev bir sıra beynəlxalq mükafatlara, müxtəlif ölkələrin universitetlərinin fəxri doktoru adına və digər yüksək nüfuzlu fəxri adlara layiq görülmüşdür. O, dörd dəfə Lenin ordeni, Qırmızı Ulduz ordeni və çoxlu medallarla təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına (1979, 1983) layiq görülmüş, bir çox xarici dövlətlərin orden və medalları ilə təltif olunmuşdur. Müstəqil Azərbaycan dövlətinin memarı və qurucusunun şərəfinə 2005-ci il aprelin 22-də "Heydər Əliyev" ordeni təsis edilmişdir.

 

Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi taleyi Heydər Əliyevin adı və dövlətçilik fəaliyyəti ilə qırılmaz tellərlə bağlıdır. Bu illər ərzində ölkəmizin ictimai-siyasi, iqtisadi və mədəni həyatının bütün sahələrində dirçəliş, inkişaf baş vermiş, Azərbaycan zamanın ağır və sərt sınaqlarından çıxmış, yaşayaraq tərəqqiyə qovuşmuş, regionda lider dövlətə çevrilmiş, Azərbaycan xalqı tərəfindən ümummilli lider adlandırılmışdır.

 

1993

1998

 
   
   
 

 

ana səhifə

əlaqə